Ermənistan parlamentində əlbəyaxa dava. İki dəfə fasilə verilib

Ermənistan Milli Assambleyasında dava

Oktyabrın 6-da Ermənistan parlamentində hakim "Vətəndaş müqaviləsi" partiyasının deputatları ilə müxalif "Güclü Ermənistan" blokunun təmsilçiləri arasında əvvəlcə söz atışması, daha sonra isə əlbəyaxa dava baş verib.

İclasın gündəliyinə Müqəddəs Erməni Apostol Kilsəsində yaranmış böhranı araşdıran istintaq komissiyasının üzvlərinin sayının müəyyənləşdirilməsi haqqında qanun layihəsi daxil edilib. Müxalifət bu layihəni konstitusiyaya zidd sayır.

"Güclü Ermənistan" blokunun deputatı Edqar Kazaryan çıxışında spiker Ruben Rubinyanın dövlət vəsaitlərini israf etdiyini bildirib, həmkarlarını mükafat kimi aldıqları 250 min dramı xərcləməməyə çağırıb.

Rubinyan isə Kazaryanın çıxışının ortasında onun mikrofonunu söndürərək gündəlikdən kənar danışdığını deyib. Bundan sonra zalda vəziyyət gərginləşib; müxalifət və hakim partiya deputatları bir-birini itələməyə başlayıb, dava düşüb.

Spiker Rubinyan fasilə elan edərək Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını zala çağırıb.

Rubinyan və müxalifətdən olan vitse-spiker Aram Vardevanyan da davanın baş verdiyi yerə eniblər. Ermənistan mediası tərəflərin uzun müddət sakitləşə bilmədiyini yazır.

Dövlət Mühafizə Xidmətinin əməkdaşları deputatları zorla zaldan çıxarmağa başlayıblar.

Parlamentin iclasında ümumilikdə iki dəfə fasilə elan edilib. İkinci fasilədən sonra Rubinyan heç bir deputatın həmkarını təhqir etmək hüququ olmadığını bildirib. O, deputatları emosiyalarını cilovlamağa və bəyənmədikləri həmkarı çıxış edərkən yerlərindən qışqırmamağa çağırıb. Spiker həmçinin bundan sonra fiziki toqquşmalara yol verməyəcəyi barədə xəbərdarlıq edib.

Müxalif "Güclü Ermənistan" bloku ordudakı ölüm hallarını və Sünik vilayətinin Şəki kəndində baş vermiş insidenti araşdırmaq üçün istintaq komissiyasının yaradılmasını təklif edib. Blokunun parlament fraksiyasının rəhbəri Narek Karapetyan isə ölkənin müdafiə nazirini istefaya çağırıb. Onun fikrincə, Ermənistanın müdafiə naziri mütləq peşəkar hərbçi olmalıdır.

Oktyabrın 1-də Ermənistan Sünik vilayətində mülki şəxsi yaraladığı iddia edilən azərbaycanlı hərbçinin saxlandığını bildirib. Sonradan Azərbaycan hərbçisi Nəsimi Musayev barəsində iki aylıq həbs qərarı verilib. Prokurorluq oktyabrın 2-də Musayevə qarşı sərhədi qanunsuz keçmə, hərbi qaçaqmalçılıq və digər maddələrlə cinayət işi açıldığını bildirib.