Bakı Təhlükəsizlik Forumu keçirilib

Prezident İlham Əliyev

Bakı Təhlükəsizlik Forumunun (BTF) gedişi ilə bağlı, hələlik, Azərbaycanın rəsmi qurumları məlumat yaymayıb. Amma rəsmi saytlar prezident İlham Əliyevin forum iştirakçılarına müraciətinin mətnini dərc ediblər.

Müraciətdə qeyd edilir ki, qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

BTF-ni ilk dəfə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ildə keçirib. Ötən il isə onun hər il keçirilməsinə qərar verilib.

Forum bu il “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, eləcə də qlobal xarakterli texnogen qəza və ekoloji fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusuna həsr olunub.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) yalnız sentyabrın 22-i III Bakı Təhlükəsizlik Forumu ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, forumda 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edib.
Azərbaycan DTX-nin rəisi Əli Nağıyev forumda çıxış edərək vurğulayıb ki, beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanları vacib rol oynayır.O, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsi qəbul edilib.Amma sənədin detalları açıqlanmır.

Ermənistan MTX-nin direktoru Bakıya gəlir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Andranik Simonyanın rəhbərlik etdiyi heyət sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumuna qatılacaq.

Andranik Simonyan

Ermənistan MTX-nin məlumatında təfərrüatlar açıqlanmır.

Azərbaycanla Ermənistan 35 ildən çox münaqişə şəraitində olub. Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.