Noyabrın 25-də Ermənistanda yüzlərlə yanğınsöndürən, polis əməkdaşı, sıravi vətəndaşlar meşə yanğınlarını söndürməyə çalışıblar. Ölkədə havaların qeyri-adi isti keçməsi yanğınları gücləndirib.
Yanğınlar ötən həftəsonu ölkənin şərqi Geğarqunik vilayətinin Ttucur kəndi ətrafındakı dağ otlaqlarında başlayıb. Daxili İşlər Nazirliyi (DİN) noyabrın 24-də həmin ərazidə yanğının, əsasən, söndürüldüyünü, amma 80 hektaradək otlaq sahəsinin yandığını açıqlayıb.
Son günlər Geğarqunikin digər yerlərində, ölkənin daha beş vilayətində də yanğınlar baş verib. Ən təhlükəlisi isə şimal-şərqi Tavuş vilayətinin meşəlik ərazilərində müşahidə olunub.
Noyabrın 25-də Tavuşun Navur kəndinin cəmi bir neçə kilometrliyində yanğın şiddətlənib, kənd sakinləri də yanğınsöndürənlərə qoşularaq alovu söndürməyə çalışıblar. Kənd başçısı Mher Niqoyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, səylərə baxmayaraq, yanğın böyüyüb: "Hazırda hava çox istidir və bu şəraitdə yanğını söndürmək çətindir".
DİN sözçüsü Narek Sarkisyan deyib ki, ümumilikdə 1830 yanğınsöndürən, polis və meşə təsərrüfatı işçisi Ermənistanda son illərin ən böyük meşə yanğınları ilə mübarizə aparır. Onlara Ermənistan ordusuna məxsus helikopter də yardım göstərir, yanan otlaq və meşə sahələrinə su tökür.
Nazirlik yanğınların əsas səbəbi barədə şərh verməyib. Kənd sakinlərini quru ot, bitki və yarpaqları yandırmamağa çağıran video yayıb.