Putin KTMT-ni Rusiyanın yeni silahları ilə silahlandırmağı təklif edir

Bişkekdə KTMT sammiti

Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrini yeni Rusiya silahları ilə təchiz etməyi təklif edib. O, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən iclasında bu haqda danışıb: "Biz kollektiv qüvvələrin real hərbi əməliyyatlar zamanı effektivliyini sübut etmiş müasir Rusiya silah və texnika nümunələri ilə təchiz olunması üçün irimiqyaslı proqramın işə salınmasını təklif edirik".

"Vedomosti"nin yazdığına görə, Putin onu da bildirib ki, Rusiya KTMT-nin hərbi potensialını gücləndirmək üçün təşkilatdakı müttəfiqlərlə birgə işləyəcək. Prioritetlərə gəlincə, buraya milli kontingentlərin döyüş qabiliyyətini artırmaq, kollektiv qüvvələrin idarə olunmasını təkmilləşdirmək var.

Putin noyabrın 25-də Bişkekə dövlət səfərinə gedib.

25 noyabr

Ermənistan KTMT-nin sammitinə qatılmayacaq

Ermənistan noyabrın 27-də Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitinə qatılmayacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Amma Yerevan sammitdə razılaşdırılmış sənədlərin qəbuluna qarşı deyil, - Uşakov əlavə edib.

Ermənistan artıq iki ildir KTMT-nin tədbirlərinə qatılmır.

Rusiyanın başçılıq etdiyi KTMT ilə Yerevanın münasibətləri son illər gərginləşib. Ermənistan Qarabağ və ətrafındakı Rusiya sülhməramlılarını Azərbaycanın əməliyyatının qarşısını almamaqda ittiham edib. Ermənistan Azərbaycanın 2022-ci ildə onun ərazisinə girdiyini deyib, alyansı bunu qınamağa çağırıb. Bakı o zaman mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.