Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Konstitusiya davası qızışır: Paşinyan dalandan necə çıxacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının layihəsini Facebook-da paylaşıb.

Paşinyan bu gün – noyabrın 23-də xalqa müraciət edib. Onun müraciəti Facebook səhifəsində yayımlanıb.

Onun sözlərinə görə, yeni konstitusiya ilə bağlı yaradılan vebsaytda hər bir vətəndaş layihəni rahat oxuya və təkliflərini göndərə bilər.

Yeni Konstitusiyanın preambulasında Ermənistanın İstiqlal Bəyannaməsinə istinad yoxdur.

Azərbaycan Ermənistanın mövcud konstitusiyasının preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə olan istinadın çıxarılmasını tələb edir. Həmin sənəddə Sovet Ermənistanı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin 1989-cu ildə qəbul etdiyi birləşmə aktına istinad yer alır. Rəsmi Bakı bunu özünə qarşı ərazi iddiası sayır.

Paşinyan xalqa videomüraciətində bu istinadın çıxarılmasından danışıb. O, tənqidçilərinin "biz bu addımı xarici təzyiqlər altında və ya kiminsə xətrinə atırıq" iddialarını rədd edib.

Ermənistan müxalifətinin bəzi liderləri konstitusiya layihəsinin dərcindən dərhal sonra həmin iddiaları bir daha təkrarlayıblar. Müxalifətdəki "Hayastan" blokunun aparıcı üzvlərindən İşxan Saqatelyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyev Paşinyana təzyiq göstərərək yeni konstitusiyanın qəbuluna nail olmaqla "erməni xalqını alçaltmaq və öz hərəkətlərini legitimləşdirmək" istəyir.

"Hayastan" bloku və "Güclü Ermənistan" ittifaqı referendumun keçirilməsini əngəlləyəcəklərini bəyan ediblər. Bu ayın əvvəlində onlar və digər müxalifət qrupları bu məqsədlə vahid cəbhə yaratmağa razılaşıblar.

Yeni layihədə Konstitusiyanın referenduma çıxarılması üçün tələb olunan səs həddi də dəyişdirilir. Sənəddə bildirilir ki, bundan ötrü deputatların ümumi sayının ən azı 3/5-nin razılığı kifayətdir. Hazırkı Konstitusiyaya görə isə, bu qərarın qəbulu üçün deputatların ümumi sayının ən azı 2/3-nin səsi lazımdır.

Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 7 iyun parlament seçkilərində 105 yerlik Milli Assambleyada çoxluğu qazansa da, konstitusiya layihəsini ümumxalq referendumuna çıxarmaq üçün gərəkən üçdə iki səs çoxluğunu, yəni azı 70 mandatı əldə edə bilməyib. Hazırda "Vətəndaş Müqaviləsi" partiyasının parlamentdə 64 mandatı var.

Paşinyan ötən həftə parlamentdə deyib ki, referendumdan sonra səsvermənin nəticəsindən asılı olmayaraq istefa verməyə hazırdır. O, parlamentdəki müxalifəti referendumun keçirilməsi üçün lazımi səsləri təmin etməyə çağırıb, əks halda növbədənkənar seçkilərə gediləcəyini vurğulayıb.