Ermənistanda altı keşişi mitinqlərdə iştiraka məcburetmə işi ilə bağlı saxlayıblar.
Saxlananlar Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyan və yeparxiyanın beş keşişidir. Saxlanarkən onların evlərində axtarış da aparılıb.
Erməni kilsəsinin nümayəndəsi bildirib ki, bu həbslərə Nikol Paşinyan hökumətinin kilsəyə qarşı təzyiqlərinin tərkib hissəsi kimi baxırlar.
Vəkil Ara Zoqrabyan deyib ki, hüquqlarını müdafiə etdiyi yepiskop Proşyanın saxlandığı yer açıqlanmır. İstintaq orqanı bu haqda məlumatı olmadığını deyir.
Vəkil bunu ciddi qanun pozuntusu adlandırıb, adam oğurluğu kimi qiymətləndirib.
Ermənistanın İstintaq Komitəsi keşişlərin saxlanması xəbərlərini nə təkzib, nə də inkar edib, amma bildirib ki, hakimiyyətdən sui-istifadə edərək vətəndaşların ictimai toplantılarda iştirakına müdaxilə üzrə istintaq başladılıb.
Yeparxiyanın ruhaniləri ilə bağlı araşdırma sentyabrda başlanıb. O zaman yeparxiyaya aid kənd monastırının ruhanisi olmuş Aram Asatryan İctimai Televiziyaya müsahibəsində demişdi ki, 2021-ci ildə müxalifətin mitinqlərinə öz iradəsi əleyhinə, yepiskop Proşyanın göstərişi ilə qatılıb.
Mitinqlər 2020-ci ilin 44 günlük müharibəsindən sonra Qarabağda atəşkəs razılaşmasına qarşı keçirilirdi.
Bir müddət öncə baş nazir erməni kilsəsinin rəhbərinə qarşı ittihamlar səsləndirmişdi. N.Paşinyan erməni kilsəsinin rəhbərini nikahsızlıq vədini pozmaqda ittiham edərək istefaya çağırmışdı.
Amma sonradan ittihamlardan imtina etməsə də, kobud ifadələrdən istifadə etdiyi üçün sosial şəbəkədə üzr istəmişdi.
Kilsə ilə Paşinyan arasında münasibətlər Ermənistanın məğlub olduğu İkinci Qarabağ savaşından sonra pisləşib. Kilsə də müxalifət kimi Paşinyanı istefaya çağırıb.
Oktyabrın 3-də Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hakimiyyəti ələ keçirməyə çağırışda təqsirli bilinib.