«Freedom House» hüquq müdafiə təşkilatının builki hesabatında deyilir ki, Ermənistanda ötən illə müqayisədə müəyyən geriləmə qeydə alınıb. Bununla belə, qurum bütövlükdə internetin azad olduğuna diqqət çəkir.
Çatışmazlıqlar arasında etiraz aksiyalarını internetdə canlı yayımlayan jurnalistlərə polisin hücumları, eləcə də bu ilin iyulunda - Yerevanda polis patrul xidməti binası tutularkən, «Facebook» sosial şəbəkəsinin qısa müddətə bloklanması qeyd edilir.
«REDAKSİYA MÖVQEYİNİ İSƏ...»
Hesabatda deyilir ki: «Ermənistanda yaradılan onlayn media maliyyə sıxıntısına və siyasi təzyiqə məruz qoyula bilər. Ənənəvi mediada olduğu kimi, bəzi hallarda internet mediasında çalışan jurnalistlərin də redaksiya xəttindən kənara çıxan fəaliyyətinə imkan verilmir. Redaksiya mövqeyini isə çox zaman bu və ya digər siyasi qüvvə müəyyənləşdirir».
MƏZMUNLA BAĞLI MƏHDUDİYYƏTLƏR
Məzmunla bağlı məhdudiyyətlərə gəlincə, «Freedom House» qısamüddətli aprel savaşında Müdafiə Nazirliyinin çağırışlarını xatırladır. Nazirlik internet istifadəçilərini gizli məlumatı düşmən tərəfə ötürməmək üçün onlayn müzakirələr aparmamağa çağırmışdı: «Nəticədə internet təhlilçiləri özünüsenzuraya üz tutur, internet müzakirələri isə... çox zaman qarşıdurma ilə müşayiət olunurdu».
Hesabatda daha sonra deyilir: «2015-ci ilin mayında SOS TV-nin polisi lağa qoyan videosu YouTube-dan silinmişdi. Bu, rəsmən müəllif hüquqlarının pozulması kimi qələmə verilsə də, video, böyük ehtimalla, polisi [gülüş obyektinə çevirdiyinə görə] hüquq müdafiəçilərinin hədəfinə çevrilib».
AZƏRBAYCANDA TƏŞKİL OLUNDUĞU GÜMAN EDİLİR?
Sənəddə o da vurğulanır ki, Ermənistan polisi videonun müəlliflərini hüquq mühafizəçilərini təhqir etməkdə günahlandırıb vəSOS TV-ni məhkəməyə verib.
«Freedom House» elektrik enerjisinin bahalaşmasına və konstitusiya referendumuna etiraz aksiyalarını, eləcə də iyul ayında polislə etirazçılar arasında baş vermiş toqquşmaları işıqlandıran jurnalistlərə fiziki təzyiq hallarını da gözdən qaçırmayıb.
«Fiziki hücum hallarından başqa, texniki hücum halları da qeydə alınıb. Onların böyük hissəsinin Azərbaycanda təşkil olunduğu güman edilir», - hesabatda belə yazılıb. Həmin hücumlar nəticəsində ötən ilin iyulunda Ermənistanın bir sıra hökumət saytlarının işində pozuntular yarandığı da diqqətə yetirilib.
Müsbət proseslərə gəlincə, «Freedom House» Ermənistan Konstitusiya Məhkəməsinin ötənilki qərarını vurğulayıb. Bu qərara görə, jurnalistlər indən belə qanunla müəyyənləşdirilən halları çıxmaqla, əldə etdikləri məlumatın mənbəyini göstərməli deyillər.
«MDB MƏKANINDA BİRİNCİ»
Hesabatda o da qeyd edilir ki, «fəallar öz məqsədlərinə çatmaq üçün vaxtaşırı sosial şəbəkələrdən yararlanırlar».
Bütövlükdə isə, hesabata görə, Ermənistan internet azadlığına görə regionda Gürcüstandan sonra ikinci, MDB məkanında isə birinci yeri tutur.
Sənədə əsasən, bütün dünyada internet azadlığı sahəsində liderlər Estoniya, İslandiya, Kanada, ABŞ və Almaniyadır. Qeyri-azad ölkələr sırasında Çin, Suriya, İran, Rusiya, Belarus və Qazaxıstanın adı çəkilir.