Ermənistanda iki rusiyalı hərbçi ukraynalını döyməkdə şübhəli bilinir

Sizin brauzer HTML5-i dəstəkləmir

Putin həqiqətən ordusunu Ermənistandan çıxarmağa hazırlaşır?

Gümrüdəki Rusiya hərbi bazasının iki hərbçisi Ukrayna vətəndaşının döyülməsi işi üzrə saxlanılıb. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin İstintaq Komitəsinə istinadla məlumat yayıb.

İnsidentin təxminən bir ay əvvəl baş verdiyi bildirilir. Ukrayna vətəndaşı Dimitri Samuyelenko Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döyməsi ilə bağlı şikayət ərizəsi verib.

İstintaq Komitəsi bir qrup şəxs tərəfindən fiziki zorakılıq maddəsi ilə cinayət işi açıb və məhkəmə-tibbi ekspertiza təyin edib. Şübhəlilər sağlamlığa yüngül xəsarət yetirmək ittihamı ilə həbs olunublar.

Ukraynalının hansı səbəbdən döyüldüyü açıqlanmır.

"Azatutyun" yazır ki, bu, son vaxtlar Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə baş verən ilk insident deyil. Bundan əvvəl hüquq müdafiəçisi Artur Sakunts rusiyalı hərbçilərin bir gənci döyməsi və alçaltması barədə məlumat vermişdi. Ermənistan Baş Prokurorluğu həmin hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir. Baza 1995-ci ildə Moskva ilə Yerevan arasında imzalanmış dövlətlərarası saziş əsasında rəsmiləşdirilib.