Azərbaycanlı əsirlərə işgəncədə suçlanan iki Ermənistan vətəndaşına 20 il cəza istənilib

Lüdviq Mkrtıçyan və Alyoşa Xosrovyan məhkəmədə, 2 iyun 2021

Ötən əsrin 90-cı illərində əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanan iki nəfər Ermənistan vətəndaşının - Lüdviq Mkrtıçyan və Alyoşa Xosrovyanın mühakiməsi bitməkdədir. İyulun 28-də onların işi üzrə 3 ay sürən məhkəmə araşdırmasının tamamlandığı açıqlanıb.

Məhkəmədə çıxış edən prokuror onların hər birinin cəzasının ilk yarısını qapalı həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İşgəncə vermə, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak və başqa əməllərdə suçlanan L.Mkrtıçyanla A.Xosrovyan özlərini təqsirli bilmirlər. Məhkəmədəki ifadələrində də heç kimə işgəncə vermədiklərini söyləyiblər.

Onlar 2020-ci ilin oktyabrında saxlanılıblar.

Ermənistan tərəfi Azərbaycanda mühakimə edilən vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsmanı Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı formada mühakimə olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan onlarə hərbi əsir deyil, terrorçu-diversant sayır. Düzdür, onların bir qismi sonradan mina xəritələri qarşılığında azadlığa buraxılıb.