Azərbaycan vətəndaşı Ermənistanla əməkdaşlıqda şübhəli bilinir

DTX

Azərbaycan vətəndaşı Ermənistanla məxfi əməkdaşlıqda şübhəli bilinir. Bununla bağlı martın 16-da Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Emil Məmmədov dövlətə xəyanətdə şübhəli bilinir. Rəsmi açıqlamaya görə, o, üçüncü ölkədə Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşdə şübhəli sayılır. İddiaya görə, onun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə xarici xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq əvəzində əməkdaşlığa getməsinə şübhə yaranıb: "...Tapşırıqlar alması, tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib".

Emil Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən həbs edilib.

Bu ittihama Emil Məmmədov, onun vəkili və yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb. Onların ittihama münasibəti bəlli deyil.