Azərbaycan, Ermənistan nazirlərinin görüşü gözlənir

XİN

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşü keçirilə bilər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva danışıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəsi hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir: "Münaqişəsonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik".

O əlavə edib ki, hazırkı mərhələdə üç dövlətin liderlərinin imzaladığı birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir: "Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Birləşmiş Millətlər Təşkilatının sessiyası çərçivəsində gerçəkləşmişdi.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tərəflərin uzun illər danışıqları olub. Amma 2020-ci ildə 44-günlük müharibədə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada onlar yenə üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.