Ermənistan və Azərbaycan elektrik enerjisinin idxal-ixracını asanlaşdırmaq üçün enerji sistemlərini inteqrasiya edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyana istinadla yanvarın 21-də dövlət mediası yazıb.
"Reuters" yazır ki, baş nazir parlamentdə çıxışında qrafiki, digər detalları açıqlamayıb. Onun sözlərinə görə, bu, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) bir hissəsidir.
Ermənistan və Azərbaycan ötən ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə Ağ evdə sülh sazişini paraflayıblar. TRIPP Ermənistanın cənubundan keçəcək, Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək.
Yanvarın əvvəlində Vaşinqton və Yerevanın yaydığı birgə bəyanata görə, Ermənistan "TRIPP Development Company"də ABŞ-yə 49 il müddətinə 74 faiz pay verəcək, qalan pay isə özündə saxlanılacaq. ABŞ şirkətinə dəhlizin inkişafı üzrə müstəsna hüquqlar veriləcək və o, müqaviləni daha 50 il uzada biləcək. Bu müddət ərzində Ermənistanın payı 49 faizə yüksələcək. Razılaşma çərçivəsində Yerevan sərhədləri, gömrük, vergi və təhlükəsizlik üzərində tam suverenliyini qoruyacaq.
Layihə çərçivəsində Cənubi Qafqazda yeni dəmiryol infrastrukturunun qurulması, yaxud yenilənməsi, neft və qaz kəmərləri, fiber-optik kabellərin çəkilməsi nəzərdə tutulur.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bu, dəhliz deyil' - Ermənistandan Naxçıvana gediş-gəliş necə olacaq?
Azərbaycan təxminən 30 illik fasilədən sonra Ermənistana benzin tədarükünə başlayıb.
Amma tərəflər hələlik sülh sazişi imzalamayıb.
Azərbaycan Ermənistandan konstitusiyasının preambulasını dəyişdirməyi tələb edir. Bakı bu hissədə Azərbaycana dolayı ərazi iddialarının olduğunu bildirir.
İyunda Ermənistanda parlament seçkiləri keçirilməlidir. Paşinyan konstitusiyaya dəyişikliklər üçün referendum keçirilməsinə çağırıb, amma hələlik tarix müəyyən edilməyib.