Avropa İttifaqı ilə Ermənistan arasında saziş imzalandı

Noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini deyib ki, bu, ilk dəfə olaraq həm də Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkə ilə imzalanmış sənəddir.

Xanım Mogherini bildirib ki, “indi bu razılaşmanı icra etmək çox mühümdür”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, “Ermənsitan bundan sonra da bu sazişə və qarşılıqlı maraqlara əsaslanan bütün sahələrdə Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirmək və möhkəmləndirmək əzmindədir”.

Brüssel və Yerevan rəsmiləri deyiblər ki, bu razılaşma Ermənistanın Rusiya ilə yaxın münasibətlərinə əngəl yaratmayacaq.

2013-cü ildə Ermənistanın son anda Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamasına məhz Rusiyanın təzyiqi mane olmuşdu.

Sammitdən sonra keçirilən mətbuat konfransında Avropa Şurasının prezidenti Donald Tusk Şərq Tərəfdaşlığı proqramını təqdir edib.

Tusk deyib: “Bu, Rusiya və Avropa İttifaqı arasında gözəllik yarlışı yox, suveren ölkələrin heç bir siyasi, iqtisadi və hərbi təhlükə törətməyən partnyorluğudur…”

Sammitin yekun bəyannaməsi Avropa Şurasının saytında dərc edilib və burada əvvəlcədən razılaşdırıldığı kimi heç bir regional münaqişənin ayrıca olaraq adı çəkilmir.

http://www.consilium.europa.eu//media/31758/final-statement-st14821en17.pdf