Ermənistanda Yerevanın bir neçə kilometrliyində, Armavir vilayətinin Merdzavan yaşayış məntəqəsində ötən gecə atışma olub. Biri icma sədri Volodya Qriqoryan olmaqla iki nəfər öldürülüb, bir nəfər xəsarət alıb.
Digər ölən şəxs isə kriminal polis əməkdaşı Karen Abramyandır. Atışma vaxtı o, xidməti vəzifə başında deyil, Qriqoryanla birlikdə olub.
Mart seçkilərində Parakar icmasında müxalifətdə olan "Həyat üçün ölkə" partiyasının təmsilçisi V.Qriqoryan qalib gəlib. Onun "Birlik" bloku səslərin 57 faizindən çoxunu qazanıb. İcmada növbədənkənar seçkilər ozamankı bələdiyyə başçısı, hakim "Mülki Müqavilə" partiyasından Lüdviq Gülnazaryanın istefasından sonra təyin olunmuşdu. O, qanlı insidentdə iştirakına görə istefa vermişdi. Ötən ilin noyabrında baş vermiş insidentdə bir nəfər ölüb, iki nəfər yaralanıb. Yaralılardan birinin L.Gülnazaryan olduğu bildirilirdi.
Parakar icması doqquz kənddən ibarətdir, ən böyüyü Parakardır.
Ermənistan İstintaq Komitəsindən AzadlıqRadiosuna bildirib ki, Merdzavan kəndində atışma və qətllə bağlı cinayət işi başlanılıb.
Baş nazir Nikol Paşinyan hadisəni pisləyib. O, həlak olanların ailə üzvlərinə və Parakar sakinlərinə başsağlığı verib. Baş nazir vurğulayıb ki, ölkənin hüquq-mühafizə orqanları qısa müddətdə bu cinayətdə əli olan bütün şəxsləri müəyyən etməlidir.
Paşinyan onu da qeyd edib ki, Parakarda ardıcıl zorakılıq aktlarının qarşısını almaq üçün hansı qabaqlayıcı tədbirlərin görülməli olması barədə təhlil aparılmalı, nəticələr çıxarılmalıdır.