Erməni xizəkçi Mikael Mikaelyan idman kostyumunun sinəsində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib. Hadisə dekabrın sonunda İtaliyada "Tour de Ski" yarışmasında baş verib. Ermənistanın Xizək Federasiyası Mikaelyanı müdafiə edib, onun cəriməsini ödəməyi təklif edib.
"İdmana siyasətdən ayrı baxa bilmərəm, vətənimə təcavüzə meylli ölkənin adını örtmədən yarışa biıməzdim", – Mikaelyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.
Mikaelyan Azərbaycanla Ermənistan arasında müharibənin yenidən qızışmayacağına ümidini bildirsə də, sülh danışıqlarında durumun aydın olmadığını deyib, gələcək yarışlarda da belə davranacağını əlavə edib.
Dediyinə görə, kostyumu ona yarışa iki saat qalmış veriblər və o da "Azərbaycan" sözünün üstünü örtmək qərarına gəlib.
Yarışdan sonra jüri Mikaelyanı çağırıb, ona sanksiyanın səbəbi izah olunub.
"OC Media" yazır ki, cərimənin məbləği hələlik bəlli deyil. Ermənistanın Xizək Federasiyası onu ödəməyə hazır olduğunu bildirib.
Azərbaycan beş illik tərəfdaşlıq sazişi çərçivəsində İtaliyada keçirilən turnirin sponsorudur.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Dekabrda Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərilib. Ondan öncə isə Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan buğda daşınıb.