Ermənistan hökuməti dekabrın 25-də "Şoğakat" televiziyasını (Dini-Mədəni İctimai Televiziya Şirkəti) bağlamaqla bağlı qərar çıxarıb.
Bu televiziya 2011-ci il fevralın 24-də hökumətin qərarı ilə təsis olunub. Telekanalın səhmlərinin idarə olunması hüququ Ermənistan İctimai Televiziya və Radio Şirkəti Şurasına verilib.
"Şoğakat" televiziyasının əsas fəaliyyəti dini və mədəni proqramların hazırlanıb yayımlanmasıdır.
Onun bağlanması isə bu il oktyabrın 24-də Audiovizual Media Qanununa dəyişikliklərlə izah olunub. Həmin dəyişikliklərdə ölkədə ictimai yayımçıların sayının ikiyə salınması nəzərdə tutulub. Dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Hökumət həmçinin ölkənin Torpaq Məcəlləsinə dəyişiklik təklif edir. Müqəddəs Eçmiadzinə kilsələrin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququ verilməyəcək, yalnız pulsuz istifadə hüququ tanınacaq. Bu layihə hökumətin 25 dekabr iclasının gündəliyinə salınıb.
Bu qanun layihəsinin necə əsaslandırıldığı açıqlanmayıb.
Yeni qaydalar Eçmiadzinə indiyədək verilən torpaqlara aid olunmayacaq.
Bütün bunlar baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsinin lideri II Qaregin arasındakı gərginlik fonunda baş verir. Hökumət korrupsiya, kilsə daxilində oturuşmuş biznes maraqları ilə mübarizə apardığını bildirir.
Kilsə isə hökumətin konstitusion səlahiyyətini aşdığını bildirir.
Ölkədə bir neçə keşiş, arxiyepiskop müxtəlif ittihamlarla saxlanılıb.