Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü – noyabrın 7-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Ərdoğan bundan sonra Ukraynadakı müharibəni bitirmək yollarını müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bildirib.
O, jurnalistlərə deyib ki, xarici işlər naziri Rusiya və Ukrayna təmsilçilərinin Türkiyədə mümkün görüşünü təşkil etmək məqsədilə hər iki tərəflə danışıqlar aparır.
ABŞ-nin birinci xanımı Melaniya Trampın isə bu gün – noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyi gözlənilir. "Reuters" agentliyinin məlumatına görə, Rusiyanı bu tədbirdə prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev təmsil edəcək və o, ABŞ administrasiyasının rəsmiləri ilə görüşlər keçirəcək.
Ağ Evin yaydığı bəyanata görə, M.Tramp Rusiyanın işğalı altında olan Oleşki qəsəbəsi ətrafında altı günlük lokal atəşkəslə bağlı çıxış edəcək. O, bu atəşkəsin əldə olunmasında şəxsən vasitəçilik edib.
Bu səfərdən öncə – noyabrın 3-də Konqresə keçirilən aralıq seçkilərində demokratlar həm Senata, həm də Nümayəndələr Palatasına nəzarəti ələ keçiriblər.
Kreml bildirib ki, Respublikaçılar Partiyasının məğlubiyyətinə baxmayaraq, Trampın sülhə nail olmaq səylərini davam etdirəcəyinə ümid bəsləyir.
Noyabrın 10-da isə ABŞ, Rusiya və Ukrayna rəsmiləri Əbu-Dabidə üçtərəfli görüş keçirəcəklər.