Türkiyə və Rusiya prezidentləri danışıblar

Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan (solda) və Vladimir Putin

Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb.

Reuters agentliyinin xəbərində deyilir ki, Türkiyə prezidenti iki ölkə arasında yaxşılaşan ikitərəfli bağlardan və Ankaranın Ukraynadakı müharibənin sülh yolu həll olunmasına yönəlik istəyindən danışıb.

Türkiyənin Kommunikasiyalar Müdirliyi bildirir ki, söhbət zamanı habelə Ukraynadakı son vəziyyət müzakirə olunub.

NATO üzvü Türkiyə həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərə malikdir və balanslı siyasət yürütməyə çalışır.

Buna da bax: Əliyev Qarabağ erməniləri ilə qeyri-formal təmasların olduğunu deyir

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasa da, Moskvanın Ukraynaya müdaxiləsini pisləyib. Türkiyə habelə Ukrayna ordusunu döyüş və kəşfiyyat dronları ilə təchiz edir.

Türkiyə iyul ayında BMT ilə birlikdə Qara dəniz limanlarından Ukrayna taxılının daşınması üçün vasitəçilik edib.

"Reuters" yazır ki, Moskva və Ankaranın münasibətləri mürəkkəbdir.

Onlar enerji sahəsində sıx əməkdaşlıq etsələr də, Suriya, Liviya və Azərbaycandakı münaqişələrdə əks mövqelərdən çıxış ediblər.

Buna da bax: Azərbaycan prezidenti Rusiyaya gedib