Erdoğan Qərb diplomatlarına “axı siz kimsiniz?” dedi

Recep Tayyip Erdoğan

Türkiyə prezidenti jurnalistlərin məhkəməsində ölkəsindəki xarici diplomatların iştirakından qəzəblənib

Türkiyə prezidenti Recep Tayyip Erdoğan şənbə günü iki tanınmış jurnalistin məhkəməsinə qatılmış xarici diplomatları kəskin tənqid atəşinə tutub.

Prezident deyib ki, Türkiyədə çalışan xarici diplomatların davranışı onların diplomatik protokolundan kənardır.

Can Dündar "vətənə xəyanətdə" inttiham edilir

“Cumhuriyet” qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gülün işi üzrə ilk məhkəmə dinləməsi cümə günü keçirilməli idi. Onları casusluqda ittiham edirlər.

Birinci dinləməyə çox sayda jurnalist, fəal, alim və əcnəbi diplomatların toplaşdığına görə məhkəmə dinləməsi aprelin 1-dək təxirə salınıb və növbəti dinləmənin bağlı qapılar arxasında keçiriləcəyi bəyan edilib.

“Səlib müdaxiləsi”

Bu iki jurnalistə qarşı ittihamın müəlliflərindən biri də rəsmən Erdoğanın özüdür. Onlar ötən ilin may ayında Türkiyə hökumətinin Suriyadakı islamçı qüvvələrlə bağlılığını iddia edən reportaj hazırlamışdılar.

Siz yalnız konsulluğunuzun binasında və ərazisində sərbəst hərəkət edə bilərsiniz. Başqa yerlərdə xüsusi icazə almalısınız

“İstanbuldakı baş konsullar məhkəməyə gediblər. Siz kimsiniz axı? Sizin orada nə işiniz vardı? Bura sizin ölkəniz deyil, bura Türkiyədir” – deyib prezident.

“Siz yalnız konsulluğunuzun binasında və ərazisində sərbəst hərəkət edə bilərsiniz. Başqa yerlərdə xüsusi icazə almalısınız” – deyib Erdoğan.

Reuters agentliyi xəbər verir ki, hökumətyönlü qəzetlər diplomatların dinləməyə gəlişini “səlib müdaxiləsi”, “konsullar mühasirəsi” adlandırıb.

Bu işdə şəxsən şikayətçi olan prezident jurnalistləri Türkliyənin qlobal mövqeyini sarsıtmaqda ittiham edir. O Dündara “çox ağır cəza” vəd edib.

Avropa İttifaqı miqrant böhranının çözümündə Türkiyənin dəstəyinə bel bağlasa da, Qərb mətbuatı və bir çox Avropa siyasətçiləri Erdoğanı ifadə azadlığı üzərinə hücumda ittiham edirlər.