Erdoğan BRICS-i BRICST-ə çevirmək istəyir

Recep Tayyip Erdoğan BRICS sammitində

Türkiyə prezidenti Recep Tayyip Erdoğan beş ölkənin liderlərinə Türkiyənin BRICS qrupuna qəbul edilməsi üçün müraciət edib.

Bu barədə Hürriyet qəzetinin ingiliscə saytı xəbər verir.

Saytın yazdığına görə Erdoğan iyulun 27-də Cənubi Afrika Respublikasının paytaxtı İohannesburq şəhərində jurnalistlərə deyib: “Əgər siz bizim adımızı əlavə etsəniz platformanın adı BRICST olacaq”.

İnkişaf etməkdə olan ölkələri BRICS qrupuna daxil beş ölkə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Türkiyəni 10-cu illik toplantıya İslam Əməkdaşlığı Təşkilatının sədri kimi dəvət etmişdilər.

Erdoğan bu sammitə Türkiyənin xarici işlər, maliyyə, müdafiə və ticarət nazirləri, habelə hakim AKP rəsmiləri ilə qatılmışdı.

Erdoğan bildirib ki, BRICS üzvləri onun təklifini müsbət qarşılayıblar:

“Xüsusilə Çin təşkilatın genişləndirilməsinə rəğbətlidir. Mən gördüm ki, onlar başqa ölkələrin bu platformaya qoşulmasını nəzərdən keçirirlər. Onlar buna qarşı deyillər”.

Erdoğan bunu da deyib ki, Türkiyə BRICS-in digər 5 üzvü ilə birlikdə həm də G20 qrupuna daxildir.

Erdoğan bəyan edib ki, “belə təşkilatdan kənarda qalmaq düzgün olmazdı”.