Fəal 30 sutka həbs edilib

Əmrah Təhməzov

İctimai fəal Əmrah Təhməzov mayın 29-da inzibati qaydada həbs olunub.

Bu barədə əvvəlcə sosial şəbəkələrdə məlumat yayılıb.

İddialara görə, Ə.Təhməzov həbsdə olan AXCP üzvü Zamin Salayevə azadlıq tələbi ilə Prezident İlham Əliyevə ünvanladığı statusuna görə həbs olunub. O, həmin statusda İ.Əliyevi tənqid etmişdi.

Daha sonra Ə.Təhməzov öz Facebook səhifəsində evinə polislərin gəlməsi ilə bağlı paylaşım etmişdi. Lakin o, sonradan hər hansı açıqlama yaymamışdı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə "Turan"a Ə.Təhməzovun həbsinin sosial şəbəkədə paylaşımla bağlı olduğunu təkzib edib: "Əmrah Təhməzovun hərəkətlərində xuliqanlıq tərkibinin əlamətləri olduğu üçün barəsində protokol tərtib olunub və sənədlər məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka müddətinə həbs olunub".

Zamin Salayev bu il həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq – silah və ya silah qisminə əşya tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanılıb. O, 4 il müddətinə azadlıqdan məhrum edilib. Həbsinə etiraz olaraq Z.Salayevin 100 gündən çox aclıq aksiyası keçirdiyi açıqlanmışdı.