Tacikistan prezidenti Emoməli Rəhmon oğlu Rüstəm Emoməliyə I dərəcəli İsmayıl Somoni adına Dövlət Mükafatını təqdim edib. Rüstəm Emoməli parlamentin yuxarı palatasının sədri və paytaxt Düşənbənin meridir. Ölkənin müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş mükafatlandırma mərasimi avqustun 28-də paytaxtdakı Millət Sarayında keçirilib.
Prezidentin mətbuat xidməti bildirir ki, dövlət başçısının oğlu mükafata “yüksək əmək nailiyyətlərinə və Tacikistanın inkişafı və tərəqqisinə verdiyi töhfəyə görə” layiq görülüb. Onunla yanaşı, müxtəlif sahələrdə çalışan şəxslərə də dövlət mükafatları, təltiflər və fəxri adlar verilib.
Rüstəm Emoməli ilk dəfə deyil atasından dövlət mükafatı alır. 2018-ci ildə Emoməli Rəhmon oğlunu II dərəcəli “Zərrintac” (“Qızıl tac”) ordeni ilə təltif edib. Həmin mükafat da Müstəqillik Günü ərəfəsində təqdim olunmuşdu.
R.Emoməli atasının mümkün varisi sayılır. O, həm də Tacikistan Futbol Federasiyasının prezidenti və Orta Asiya Futbol Assosiasiyasının rəhbəridir.
Emoməli Rəhmonun yeddi qızı və iki oğlu var. Onun Rüstəmdən başqa daha dörd övladı mühüm dövlət vəzifələri tutur.
Bir qızı Ozoda Rəhmon 2016-cı ildən Prezident Aparatına rəhbərlik edir, hakimiyyət sistemində əsas fiqurlardan sayılır. Prezidentin digər qızı Ruxşona Emoməli Tacikistanın Böyük Britaniyadakı səfiridir. Kiçik qızı Fərzona Emoməli isə Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisidir.
AzadlıqRadiosunun tacik xidməti prezidentin digər qızlarının əsasən iri biznes və bank sektorunda çalışdığını üzə çıxarıb. Pərvinə Rəhmonova ölkənin əczaçılıq bazarında lider şirkətə nəzarət edir. Zərinə Rəhmon kommersiya bankı “Oriyonbank”ın idarə heyəti sədrinin müavinidir. Təhminə Rəhmonova isə Tacikistanda aviabilet satışı bazarına nəzarət etmiş “Hava Əlaqələri Agentliyi” şirkətinin təsisçisi olub.