Emin Hüseynov: 'Anamın Mehmanın həbsinədək hər hansı xəstəliyi yox idi'

E.Hüseynov

«Anamın Mehmanın həbsinədək hər hansı xəstəliyi yox idi. Siyasi rejim anamı xəstə etdi».

Mühacirət etmiş hüquq müdafiəçisi Emin Hüseynov anasının vəfatı ilə bağlı danışarkən belə deyib. O vurğulayıb ki, anasının ölümünün səbəbi siyasi basqılar olub.

«Buna siyasi müstəvidə qiymət verəcəyik. Anamızın xəstəlik nəticəsində əzab-əziyyətlə dünyasını dəyişməsinin məsuliyyəti mövcud siyasi iqtidarın üzərinə düşür. Çünki onların mənə və qardaşıma qarşı əsassız siyasi təqibləri olmasaydı, ola bilsin, anam bu gün ürək xəstəsi olub, bu şəkildə xəstəxanaya düşməzdi. Daha çox yaşayardı. Hakimiyyət Mehmanı həbsə atmaqla bizdən qisas almaq və cəmiyyəti qorxutmaq məqsədi güdür. Çalışırdılar ki, buna nail olsunlar, tənqidçi jurnalistin təkcə özünü yox, ailə üzvlərini də didərgin salırlar», - deyən E.Hüseynov özünün anasının dəfnində iştirak etməkdən ötrü Azərbaycana gəlməsinin mümkünsüz olduğunu əlavə edib:

«Bunlar mərhəmət hissini itirib. Mənim bu gün anamın dəfnində iştirakım faktiki olaraq, mümkünsüzdür. Amma zaman gələcək bu mövcud iqtidar siyasi səhnədən gedəndən sonra anamın məzarını ziyarət edə biləcəm...».

Bu açıqlamaya hökumət sözçülərindən münasibət almaq mümkün olmayıb. Ancaq onlar, bir qayda olaraq, insanların baxışlarına görə özləri və ailə üzvlərinin təzyiqlərə məruz qalması ilə bağlı deyilənlərlə razılaşmırlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Emin və Mehman Hüseynovlar haradadır?

Emin Hüseynovun, onun həbsdəki bloqqer qardaşı Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

F.Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

Hətta M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Bundan başqa, bir qrup jurnalist və hüquq müdafiəçisi də eyni məqsədlə ədliyyə nazirinə, ombudsmana və Penitensiar Xidmətin rəisinə müraciət göndərmişdilər. Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab verib. İndi isə müdafiə tərəfi M.Hüseynovun anasının dəfnində iştirak etməsindən ötrü lazımı şəraitin yaradılması istəyi ilə rəsmi qurumlara müraciət edib.

Böhtana görə ötən il 2 il həbs cəzası alan bloqqer ittihamı qəbul etməyərək həbsini fəaliyyəti ilə bağlayır.

Xatırlatma

Emin Hüseynov isə Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri olub.

2013-cü ildə Azərbaycanın Baş Prokurorluğu ölkədə fəaliyyət göstərən yerli və beynəlxalq QHT-lərin fəaliyyəti ilə bağlı cinayət işi açıb. Həmin vaxt Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri E.Hüseynov da bu istintaqa cəlb edilib.

E.Hüseynov 2014-cü ilin avqustundan İsveçrənin Bakıdakı səfirliyinə sığınıb.

10 ay səfirlikdə qalan E.Hüseynov 2015-ci ildə Azərbaycanı tərk edib. Onun I Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didye Burkhalterin təyyarəsi ilə ölkədən çıxdığı deyilirdi. Həmin vaxt İsveçrənin Xarici İşlər Nazirliyindən belə bildirmişdilər.

Nazirliyin rəsmilərindən biri mediaya açıqlamasında demişdi ki, E.Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

E.Hüseynovun Azərbaycandan gedişi haqqında sonralar prezident İlham Əliyev də danışmışdı. 2016-cı ilin sentyabrında Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən prezident bunları bildirmişdi: «Bu şəxs mənə məktub yazaraq onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb. Bu, yenə də daha bir yalandır».