Cəmi 4 gün öncə Amerika Birləşmiş Ştatlarında (ABŞ) ali hüquq təhsilini başa vurub Bakıya dönən hüquqşünas Emin Aslanın yeri hələ də bilinmir.
Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Anar Məmmədli deyib.
«İyunun 5-də hüquqşünas Emin Aslanın vəkili onun saxlanıldığı ehtimal edilən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Ancaq onun vəkilinə bildirdilər ki, orada yoxdur», - hüquq müdafiəçisi vurğulayıb.
Hüquq müdafiəçilərinin, vəkilinin və yaxınlarının iyunun 4-də günün ikinci yarısında da E.Aslanın axtarışı ilə bağlı cəhdləri nəticə verməyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
E.Aslanı iyunun 4-də günortadan sonra «Park Bulvar» alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfərin saxladığı bildirilir.
Yaxınları demələrinə görə, olayla bağlı hələ iyunun 4-də Daxili İşlər Nazirliyinə (DİN) müraciət ediblər. DİN-dən hüquqşünasın yaxınlarına əlavə məlumat verilmədiyi söylənir.
Verilən məlumata görə, nazirliyin «102» xidmətindən ərazi üzrə polisə müraciət olunması tövsiyə olunub.
Hüquqşünas E.Aslan son 6-7 il ərzində, əsasən, müxtəlif qeyri-hökumət təşkilatları (QHT) və beynəlxalq qurumlarla əməkdaşlıq edib.
2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb, işləyib. İki ilə əvvəl isə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.
E.Aslan 4 gün əvvəl Bakıya dönüb.