Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin üzvü Elxan Əliyevi Sabunçu rayon Polis İdarəsi saxlayıb.
AXCP-dən verilən məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Partiyadan bildirilib ki, ittiham funksionerin siyasi fəaliyyəti ilə bağlıdır və siyasi təzyiq xarakterlidir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Elxan Əliyevin saxlanmasını təsdiqləyiblər.
Buna da bax: Zamin Salayev: ‘Narkotik satışı haqda dediklərimə görə cəzalandırıldım’DİN-dən izah
Nazirliyin vurğulamasına görə də, daha iki şəxs dələduzluqda şübhəli sayılır.
DİN-in mətbuat xidmətindən bildirib ki, onlar Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini saxta sənədlə vətəndaşa 57 min manata satmaqda günahlandırılırlar. Hər 3 şəxsin şübhəli şəxs qisimində saxlandığı bildirilir: "Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb."
Mətbuat xidmətindən əlavə edilib ki, Əliyevin sosial şəbəkələrdə paylaşdığı görüntülər özünü sığortalamaq məqsədindən irəli gəlir, həqiqəti əks etdirmir.
Elxan Əliyev saxlanmazdan əvvəl Facebook-da videomüraciət paylaşaraq hakimiyyətin oyunu ilə üzləşə biləcəyindən ehtiyatlandığını dilə gətirmişdi.