Baş Prokurorluqdan Elvin Cəfərovun intiharı ilə bağlı açıqlama

Elvin Cəfərov

İkinci Qarabağ müharibəsinin iştirakçısı Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Sabirabad rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Elvin Cəfərov məsələsini siyasiləşdirməyin" - İcra başçısı

İyulun 11-də gecə saatlarında Respublika Yanıq Mərkəzində vəfat edən Qarabağ əlili Elvin Cəfərov intihardan az öncə Sabirabad rayon İcra Hakimiyyətinin binası önündə video çəkdirib. Həmin görüntülərdə o, icra başçısının qəbuluna düşə bilməməsindən şikayətlənir.

44 günlük müharibədəki xidmətlərinə görə səkkiz medal aldığını deyən 35-yaşlı Cəfərov vurğulayıb ki, iki azyaşlı övladını, xəstə anasını qoyub döyüşlərə yollanmışdı.

"Başçının qəbuluna çıxmaq olmur. Niyə? İmamdır, peyğəmbərdir?!.. Həyatda hərtərəfli qollarımı sındırdılar. Məni o dərinliyində sındırmağın yeri yox idi...", – Cəfərovun sözləridir.

"Heç kim siyasiləşdirməsin"

İyunun 12-də Sabirabad rayonunun Qalaqayın kəndində Cəfərovlar ailəsinin qapısındakı yas mərasiminə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da qatılıb. Jurnalistlərin suallarını cavablandıran icra başçısı Qarabağ veteranını qəbul etməməsi haqda deyilənlərlə razılaşmayıb. O bildirib ki, E.Cəfərovla bir neçə dəfə şəxsən görüşüb.

"Deyilənlər səhvdir. Hər həftənin cümə axşamı mənim qəbul günümdür. Qəbul bəzən 7-8 saata qədər çəkir. Güzəştli vətəndaşlarla başqa günlərdə də görüşürəm. Elvinlə dəfələrlə görüşüm olub. İcra hakimiyyəti, bələdiyyə, icra nümayəndəsi tərəfindən imkan daxilində onun istəkləri həyata keçirilib. Həmişə diqqət göstərilən qazilərimizdən, vətən müharibəsi iştirakçılarından olub", - icra başçısının sözləridir.

Qarabağ əlilinin özünə qəsd etməsinin səbəblərinə gəlincə, icra başçısı bu haqda ətraflı danışmaq istəməyib. O bildirib ki, bu məsələni hüquq-mühafizə orqanları araşdırır: "Xahiş edirəm, heç kim siyasiləşdirməsin. Bu, siyasi məsələ deyil".

Özünü yandıran Qarabağ döyüşçüsü vəfat edib

İki gün əvvəl Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edən 44 günlük müharibə iştirakçısı Elvin Cəfərov vəfat edib. Bu barədə onun yaxınları məlumat verib. Onların sözlərinə görə, keçmiş döyüşçü gecə saatlarında Respublika Yanıq Mərkəzində həyatını itirib.

İyulun 11-də TƏBİB-dən "Turan"a bildirilmişdi ki, E.Cəfərovun bədəninin 70 faizi yanıb, vəziyyəti ağırdır.

Yaxınları isə onun diqqətsizliyə və pensiyası kəsildiyinə görə intihara əl atdığını demişdilər.

İyulun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov sosial mediada məlumat yayıb ki, E.Cəfərov və ailə üzvləri işlə təmin edilib, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb. Ona 3-cü dərəcə əlillik təyin olunduğu, buna görə Prezidentin aylıq təqaüdünü (300 manat) və aylıq müavinətini (120 manat) aldığı qeyd edilirdi.

E.Cəfərovun ailəsinə "YAŞAT" Fondu və "Azərsığorta" tərəfindən 11 min manat birdəfəlik ödəniş edildiyi deyilirdi.

E.Cəfərovun ailəsindən bu deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

44 günlük müharibənin iştirakçılarından bəziləri vaxtaşırı mətbuatda onlara olan diqqətsizlikdən şikayət edirlər. Onlardan bir neçəsi ya intihar edib, ya da intihara cəhd göstərib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçmiş hərbçilər nazirliyin qapısını sındırır