AXCP tərəfdarına 3 aylıq həbs verilib

Elşən Kərimov

Rusiyada xırda bizneslə məşğul olan Elşən Kərimov "hakimiyyəti zorla ələ keçirmək" çağırışlarında ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, E.Kərimova qarşı Cinayət Məcəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair açıq çağırışlar, habelə bu məzmunlu materialların yayılması) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil qeyd edib ki, aprelin 19-da Binəqədi rayon Məhkəməsində onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmin maddə ilə şəxsə 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

***

Ötən həftə verilən xəbərdə deyilirdi ki, müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı olduğu deyilən Elşən Kərimovun saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, E.Kərimov aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanıb: "Elşən Rusiyada yaşayır. Dünən, aprelin 17-də atasının yasına gəlib. Elə yasın ortasında mülki geyimli, qara maskalı adamlar gəlib Elşəni aparıblar. Hər yerdə axtarmışıq, məlumat yoxdur".

Yaxınları habelə deyiblər ki, baş verənlərin səbəbini bilmirlər. Onların sözlərinə görə, E.Kərimov Rusiyada xırda bizneslə məşğul olub və həmin ölkənin vətəndaşıdır.

Bütün bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 10-dan çox fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.