Elşad Xose sosial şəbəkə hesabındakı ifadəyə görə həbs olunduğunu deyir

Elşad Xose

Reper Elşad Xose (Əliyev) sosial şəbəkə hesabında hekayə bölməsində qeyri-etik ifadə işlətdiyinə görə həbs olunduğunu bildirib.

AzadlıqRadiosuna verilən məlumata görə, E.Xose vurğulayıb ki, yanvarın 3-ü səhər saatlarında polis əməkdaşları evə gəlib, onu Yasamal rayonu 27-ci polis şöbəsinə aparıblar.

Şöbədə reperin haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub. Orada iddia edilib ki, E.Xose yanvarın 3-ü saat 11:30 radələrində metronun "Nizami" stansiyasının yaxınlığında küçədə söyüş söyüb. Bildirildiyinə görə, polislər onu intizama dəvət ediblər, amma reper sakitləşməyib. Bu üzdən onu saxlayıb şöbəyə aparıblar.

47 yaşlı reper polis şöbəsindən də məhkəməyə aparılıb və haqqında 15 sutka inzibati həbs qərarı çıxarılıb.

E.Xose bu qərardan apellyasiya şikayəti verib. O, sosial şəbəkədə işlətdiyi ifadəyə görə də peşmanlığını dilə gətirib. Deyib ki, cəzalandırılmasına səbəb olan videonu "vine" xarakterli çəkmişdi.

O, yanvarın 7-də apellyasiya məhkəməsində də deyib ki, haqqındakı qərarla razı deyil. Çünki nə xuliqanlıq edib, nə də polisə müqavimət göstərib. Məhkəmədən tanınmış şəxs və ailəli olması, müalicə alması kimi məqamların nəzərə alınmasını xahiş edib.

Lakin apellyasiya məhkəməsi reperin haqqındakı qərarı dəyişməyib.

E.Xosenin xuliqanlıq və polisə müqavimət ittihamı ilə həbs olunması xəbərini yanvarın 8-də qaynarinfo.az yayıb.