Qardaşı Elmir Sadıqovun həbsdə səhhətinin pisləşdiyini deyir

Elmir Sadıqov

Bloqer Tural Sadıqlının qanunsuz silah-sursat saxlama ittihamı ilə 2 il 6 ay həbs edilən əmisi Elmir Sadıqovun həm cərimə kamerasında saxlandığı, həm də səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu barədə onun qardaşı Əlövsət Sadıqlı məlumat yayıb.

Onun vurğulamasına görə, qardaşının qara ciyərində problem yaranıb, bədənin aşağı nahiyələri də şişib:

“Avqustun 25-də öyrəndim ki, 16 saylı cəzaçəkmə müəssisəsində təyin edilmiş karser (cərimə kamerası) cəzasının müddəti köçürüldüyü Bakı İstintaq Təcridxanasında bitir. Ərzaq və dərman tədarükü edib, avqustun 26-da təcridxanaya – qardaşım Elmir Sadıqovla görüşə getdim, amma nə apardıqlarımı götürdülər, nə də görüş verdilər. Dedilər ki, yenidən “karser” cəzası verilib”.

Əlövsət Sadıqlının dediyinə görə, təcridxananın rəisi ilə görüşmək istəsə də bu cəhdi baş tutmayıb, nəticədə sovqatı belə çatdıra bilməyib.

Hələlik, bu açıqlamaya Bakı İstintaq Təcridxanasından və başqa cavabdeh qurumdan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı bildirilib ki, məhkumlarla yalnız qanun çərçivəsində davranırlar.

Elmir Sadıqov ötən ilin aprelində həbs edilib. Onun avtomobilində qumbara tapıldığı bildirilib. Həmin il oktyabrın 1-də Sabunçu rayon Məhkəməsində ona 2 il yarım həbs cəzası verilib.

E.Sadıqovun yaxınları isə onun xaricdə olan qardaşı oğlu, bloqer Tural Sadıqlının tənqidi çıxışlarına görə şərləndiyini hesab edirlər. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

İyulun sonunda vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini, müəssisə əməkdaşlarının onu zorla bir otaqda saxladığını, sənədlərinin əlindən alındığını açıqlamışdı. Onun sözlərinə görə, bütün bunlar iyulun 28-də hüquqlarını müdafiə etdiyi Elmir Sadıqov ilə görüşdən sonra yaşanıb. Vəkil müvəkkilinin son bir ay ərzində davamlı cərimə kamerasında (kars) saxlanması ilə bağlı məlumatları araşdırmaqdan ötrü cəzaçəkmə müəssisəsinə getdiyini deyirdi.