Azərbaycan hökuməti institutların maliyyə yükünü atır, yoxsa...

Neft və Qaz İnstitutu

Oktyabrın 7-də Nazirlər Kabineti "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında" qərar verib.

Qərar bu il aprelin 4-də ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Həmin sərəncamda oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən bəzi institutların birləşdirilərək ixtisaslaşmış səkkiz institut yaradılması nəzərdə tutulurdu. Nəticədə Neft və Qaz İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Radiasiya Problemləri İnstitutu və daha bir çox elmi institutun fəaliyyəti dayandırılırdı. Bir sıra qurumlar isə bəzi elmi institutların tabeçiliyinə verilirdi.

Nazirlər Kabinetinin qərarında isə prezidentin həmin sərəncamına uyğun olaraq publik hüquqi şəxslərin yaradılması təmin edilir. Publik hüquqi şəxslər dövlətin, cəmiyyətin ortaq maraqlarını təmin etmək üçün yaradılan, klassik dövlət orqanı, habelə özəl hüquqi şəxs modelindən fərqlənən, özünəməxsus idarəetmə və fəaliyyət prinsiplərinə malik təşkilatlar olmalıdır. Publik hüquqi şəxs həm pulsuz, həm də pullu xidmətlər göstərə, özünü maliyyələşdirə və yaxud zərurət olduqda dövlət büdcəsi hesabına maliyyələşə bilər.

Xatırlatma

Hələ prezidentin bu il aprelin 4-də imzaladığı sərəncam cəmiyyətdə birmənalı qarşılanmamışdı. Həmin sərəncamın imzalanmasından dörd gün sonra elm və təhsil naziri Emin Əmrullayev demişdi ki, "Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir".

Tarix elmləri doktoru, professor Cəmil Həsənli isə baş verənləri tənqid edərək bunları vurğulamışdı: "Elmə Ümumi Daxili Məhsulun (ÜDM) 0.2 faizi qədər büdcə ayrılandan sonra institutların birləşdirilməsi və ya ayrılması nəyi isə həll etmir".

Son illər Azərbaycanda bir çox ali məktəblər də publik hüquqi şəxslərə çevrilib. Həmin vaxt ekspertlər bu addımı ölkədə neft hasilatının, "qara qızıl" gəlirlərinin azalması ilə izah etmişdilər.