E.Məmmədyarov: “400 müşahidəçi məntiqə sığmır"

Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə,nazir noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün zəruri tədbirlər görüldüyünü və prosesi izləyəcək müşahidəçilər üçün lazımi şərait yaradıldığını bildirib.

Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanatının bu qurumun mandatına zidd olduğunu qeyd edib.

Nazir bildirib ki, 100 milyondan artıq əhalisi olan ATƏT üzv dövlətlərə 400-500 arası müşahidəçi göndərildiyi halda, 9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 müşahidəci göndərilməsi normal məntiqə sığmır və tamamilə qeyri-mütənasibdir.

Nazir qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun mandatı ilk növbədə seçkilərin keçirilməsi ilə bağlı üzv ölkələrə texniki dəstək göstərməkdən ibarətdir. O ATƏT-in fəaliyyətdə olan sədrinin iştirakı ilə bu məsələnin müzakirəsi və münasib çıxış yolu tapılacağına ümidlə yanaşdığını deyib.