Bu gün, martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 21 ili tamam olur.
Onu 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs (şəxslər) odlu silahla qətlə yetirib. Hadisənin üstündən 21 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.
Ölümündən sonra jurnalistin xanımı və azyaşlı oğlu Norveçə mühacirət edib.
E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub. 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.
O, 1995-ci ildən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. 1995-ci ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. Həmçinin "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-ə onun xanımı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərlə bağlı isə 10 min avro təzminat ödəyib.
Azərbaycan hüquq-mühafizə orqanları isə bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstəriblər.