Bu gün, martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 17 ili tamam olur. Onu 2005-ci il martın 2-də işdən qayıdarkən yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 17 il keçsə də, qətlin sifarişçi və icraçıları hələ də məsuliyyətə cəlb olunmayıblar.
Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.
Elmar Hüseynov haqqında…
Elmar Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.
E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb və ölümünə qədər bu peşədən ayrılmayıb. 1995-ci ildə "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. O, həmçinin, "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmadığına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.
Ancaq Azərbaycan hüquq-mühafizə orqanları da bəyan ediblər ki, onlar bu qətlinin açılması üçün bütün lazımı səyləri göstəriblər.