Zelenski ilə Əliyev danışıb

V.Zelenski və İ.Əliyev

Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 4-də deyib ki, azərbaycanlı həmkarı İlham Əliyevlə telefon söhbətində suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliklərini təsdiqləyiblər.

"Biz həmçinin regional təhlükəsizlik, aktual problemlər və qarşılıqlı əməkdaşlıq formatlarını müzakirə etdik", – Zelenskinin Telegram-dakı bəyanatında deyilir.

Azərbaycanın Prezident Administrasiyası da telefon zəngi barədə açıqlama yayıb. Orada deyilir ki, Zelenski Azərbaycana Ukraynaya humanitar yardımına, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Bakı Kiyevə bir neçə dəfə yardım göstərib, Rusiya qüvvələrinin hücumları nəticəsində dağılmış enerji infrastrukturunun bərpasından ötrü əhəmiyyətli avadanlıq verib.

Bu telefon söhbətindən iki həftə öncə Bakı Qarabağa nəzarətini bərpa edib, regiondakı separatçı rejim özünü buraxdığını bəyan edib. Birgünlük əməliyyatlardan sonra azı 100 min erməninin regiondan Ermənistana getdiyi bildirilir.

Ukrayna isə Krım yarımadası, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ilhaq etmiş Rusiya qüvvələrinə qarşı vuruşur.