Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 10-da ikitərəfli görüşdə prezident Donald Trampın Ermənistana və Azərbaycana sülh gətirmək təşəbbüsləri çərçivəsində növbəti addımları müzakirə ediblər. Bu barədə Vensin sözçüsü məlumat verib.
"Onlar əsasən ticarət və rifah, texnologiya və diplomatik əlaqələrin genişləndirilməsini müzakirə etdilər. "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə müqavilələr və icazələrdən, məhbusların azad edilməsi kimi etimadyaratma tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi inteqrasiya daxil, növbəti addımlardan da danışdılar", – sözçü deyib.
Açıqlamada hansı məhbusların buraxılması dəqiqləşdirilməsə də, "Tramp marşrutu" və etimadyaratma kontekstində söhbət Bakıdakı erməni məhbuslardan gedə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Venslə həmin məhbusların müzakirə olunduğunu, Vens isə Yerevanda jurnalistlərə bu məsələni Bakıda qaldıracağını demişdi. Həmin məhbuslardan bəzilərinə terrorçuluq, soyqırımı, işgəncə ittihamları ilə uzunmüddətli həbs cəzaları kəsilib.
Vensin yerli hüquq müdafiəçilərinin siyasi məhbus saydığı jurnalist və fəalların azadlığa buraxılması məsələsini Əliyevlə müzakirə edib-etmədiyi bəlli deyil.