İlham Əliyev Qalibafı qəbul etdi: 'Azərbaycan İranın yanında olub'

Məhəmməd Baqir Qalibaf və İlham Əliyev

Prezident İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafı qəbul edib. Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün gəlib.

President.az saytının məlumatına görə, Əliyev müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İranın yanında olduğunu bildirib. Regionda sabitliyin əhəmiyyətinə toxunan Əliyev deyib: "Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın."

Xəbərə görə, Qalibaf İranın çətin günlərində prezident Əliyevin, Azərbaycan dövlətinin və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, Azərbaycanla İranın çətin anlarda da hər zaman bir-birinin yanında olduğunu vurğulayaraq bunu iki ölkənin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.

Xatırlatma

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdan sonra xeyli gərginləşmişdi. Həmin hücum nəticəsində bir nəfər həlak olmuşdu.

Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaransa və tərəflər birgə hərbi təlimlər keçirsə də, regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb.

Xüsusilə, 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident İ.Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.