Bişkekdə Əliyevlə Paşinyan əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Bişkek görüşü

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, liderlər ötən il Vaşinqtonda sülh sammitinin, ABŞ prezidentinin şahidliyi ilə imzaladıqları Birgə Bəyannamənin, həmçinin bu iki ölkə arasında "sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanmasının əhəmiyyətini vurğulayıblar.

Həmçinin, iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib.

Liderlər habelə işgüzar dairələr arasında təmasları alqışlayıb, qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Hər iki tərəf Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi üçün yaradılmış komissiyaların fəaliyyətini vacib hesab edib. Liderlər bu komissiyaların əldə olunmuş razılıqlara əsasən işlərini davam etdirməli olduqlarını bildiriblər.

Liderlər Vaşinqton sülh sammitinin mühüm nəticələrindən biri olaraq Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirəcək yeni nəqliyyat dəhlizini — "Tramp Marşrutu"nu (TRIPP) müzakirə ediblər. Onlar bu layihənin reallaşması üçün növbəti addımların atılmasını və yolboyu tikiləcək bağlantıların vacibliyini vurğulayıblar.

Liderlər sülh gündəliyinə töhfə verən parlamentarilərin və vətəndaş cəmiyyətinin rolunu qeyd edib, onların iştirakı ilə reallaşan etimad təmaslarını alqışlayıblar.

Onlar birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.

Əliyev və Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəliblər. Bişkekdə ŞƏT-ə üzv, həmçinin müşahidəçi və tərəfdaş ölkələrdən bir çox dövlət başçısı bir araya gəlib.

ŞƏT-ə Rusiya, İran, Hindistan, Çinlə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.

Qurum əsasən 2001-ci ildə yaradılıb.

Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar bu təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən sammitində qəbul edilib.

Azərbaycanda bir sıra müxalifət partiyaları ölkənin ŞƏT ilə əməkdaşlıq əlaqələrini o qədər də müsbət qarşılamırlar. Onlar hesab edirlər ki, Azərbaycanın Avropaya inteqrasiya prosesi sürətləndirilməlidr.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.