Əliyev və Paşinyan Əbu-Dabidə razılığa gəliblər ki...

Paşinyan və Əliyev Əbu-Dabidə görüşürlər

Azərbaycanla Ermənistan ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdıracaq. Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə bu məsələlərdən bəhs edilib.

AZƏRTAC-ın xəbərinə görə, tərəflər ABŞ prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin icrası istiqamətində irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Tərəflər vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezidentlə baş nazir, eyni zamanda, TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

+++

Paşinyan və Əliyev Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimetmə mərasiminə qatılacaqlar. Mükafat hər il dünyada nümunə göstərən, əməkdaşlıq edən, körpülər quran, daha çox fədakarlıqlar hesabına gerçək insani əlaqələr quran şəxslərə və ya təşkilatlara verilir. Laureatlar 1 milyon dollar mükafat alırlar.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə (TRIPP) yaranacaq. Paraflanan mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.