Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə edilib

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 4-də Birləşmiş Ştatlardan (ABŞ) gələn nümayəndə heyəti ilə ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə edib.

AZƏRTAC-ın xəbərinə görə, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markueyn Mallin və Nümayəndələr Palatasından bir sıra konqresmenlər daxildir.

Bildirildiyinə görə, qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş razılaşma münasibətilə dövlət başçısına təbriklərini çatdırdılar.

Prezident isə, öz növbəsində, artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini vurğulayıb. O, 1992-ci ildə qəbul edilən və Azərbaycana yardımları dayandıran "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin iki ölkə arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Əliyev ABŞ prezidenti Donald Trampın bu düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirərək onun tamamilə ləğvi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, müdafiə, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Trampa qədər...

Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Lakin 2024-cü ilin noyabrında Tramp ABŞ prezidenti seçildikdən sonra iki ölkə arasında isti münasibətlər yaranıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.