Əliyev İsrailin xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm sahələrində uğurlu inkişafı vurğulanıb. Habelə, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.

G.Saar onu böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes-forumunun iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ötən həftə, yanvarın 21-də isə Azərbaycan prezidenti Davos İqtisadi Forumunda İsrail prezidenti İsxak Hersoqla görüşmüşdü.

Bu arada Azərbaycan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini də qəbul edib. Bu təşəbbüsün ilkin məqsədi Qəzzada münaqişəni bitirməkdir, sonradan digər münaqişələri də əhatələyə bilər. Bu dəvətin dünyanın bir çox ölkələrinə göndərildiyi açıqlanıb.

Xatırlatma

2023-cü il oktyabrın 7-də ABŞ və Qərb ölkələrinin terror təşkilatı saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü bildirilir. Girovların bir çoxu isə azad edilib.

Azərbaycan İsrail-Fələstin böhranında, BMT kimi, "iki dövlət" prinsipini müdafiə edir.