Prezident İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Xuş Çoksinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, onlar hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyurlar. "Əlbəttə, ABŞ vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib", - o vurğulayıb.
X.Çoksi də öz növbəsində deyib ki, hazırda 31 şirkətin nümayəndəsi Azərbaycana gəlib: "Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada bir az qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq, şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq".
Əliyev isə ABŞ prezidenti ilə görüşlərindən bəhs edərək deyib: "Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq".
O əlavə edib ki, iqtisadiyyatı şaxələndirmək onların qarşılarına qoyduqları hədəflərdən biridir:“Mən indicə bu ilin yanvarının statistikasına baxdım, bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8 faiz artıb...”
Xatırlatma
Azərbaycan hökuməti hələ 2014-cü ildə neftin qiyməti kəskin ucuzlaşanda qarşısına iqtisadi şaxələnmə məsələsini qoyduğunu açıqlamışdı. Amma müstəqil iqtisadçılar deyir ki, Azərbaycan hökuməti heç də bu vəzifənin öhdəsindən tam olaraq gəlməyib. Elə rəsmi qurumların məlumatına görə, ötən il ölkə ixracının 85 faizi neft və qazın payına düşüb.
Yaxın illərə qədər Azərbaycan ABŞ münasibətlərində müəyyən soyuqluq müşahidə edilsə də, son bir ildə vəziyyət xeyli dəyişib. Rəsmi Bakı bunu 2024-cü ilin noyabrında Donald Trampın yenidən prezident seçilməsi ilə izah edir.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Hazırda Yerevanda səfərdə olan ABŞ vitse-prezidenti Cey Di Vensin sabah, fevralın 10-da isə Azərbaycana gəlişi gözlənir.