Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Kənan İsmayılın inzibatı qaydada 30 sutka həbs edildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat verilib. Partiyadan vurğulandığına görə, o, "xırda xuliqanlıq"da günahlandırılıb. Amma partiya məsələnin detallarını açıqlamayıb.
AXCP dünən, mayın 5-i günorta saatlarından Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi K.İsmayıl ilə əlaqənin kəsildiyini açıqlamışdı. Partiya onun saxlandığını ehtimal edirdi. "Artıq Əli Kərimlinin mühafizə xidmətindən dördüncü fəalı həbs edirlər", - partiyadan daha sonra qeyd edilib.
Hələlik, bu açıqlamalara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
AXCP bir ay əvvəl, aprelin 9-da bildirmişdi ki, Ə.Kərimlini kütləvi tədbirlər zamanı ictimai əsaslarla mühafizəsində iştirak edən Elnur Quliyev də 30 sutka inzibati qaydada həbs olunub.
Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb.
Cinayət məsuliyyətinə cəlb edilənlərdən də ikisi Ə.Kərimlinin mühafizəçisidir. Həmin şəxslərdən biri Niyaməddin Əhmədov terroru maliyyələşdirmə və başqa qanunsuz əməldə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib.
Ə.Kərimlinin başqa bir mühafizəçisi Kənan Basqal isə bu yaxınlarda başqa bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar da ittihamları qəbul etmirlər.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.