Əli Kərimlinin məhkəməsi başlayıb, bəzi jurnalistlər və fəallar prosesə buraxılmayıb

AXCP sədri Əli Kərimli (Arxiv fotosu)

Bu gün, noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayıb. Hakimlər Vüqar Quliyev, Şəlalə Həsənova və Elmin Rüstəmovun rəhbərliyi ilə keçirilən prosesə bir çox şəxsin buraxılmadığı deyilir. Hadisə yerində olan şahidlərin sözlərinə görə, polis jurnalistləri və AXCP fəallarını nəinki binanın daxilinə, heç onun həndəvərinə də buraxmayıb.

Ayrı-ayrı hüquqşünaslar bundan əvvəl bildirmişdilər ki, hazırlıq iclasları bütün hallarda açıq keçirilməlidir.

Məsələyə, hələlik, nə Bakı Ağır Cinayətlər Məhkəməsindən, nə də Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığına toplaşan AXCP-nin ayrı-ayrı funksionerləri isə deyiblər ki,bu məhkəmənin heç bir perespektivi yoxdur, çünki ittihamların içi boşdur.Onların fikrincə, məhs bu səbəbdən insanların məlumatlandırılmasını istəmirlər.

Bundan əvvəl bildirilmişdi ki, Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim daha öncə ictimaiyyətə açıqlamalarında ittihamı rədd edib, siyasi sifarişlə həbs olunduqlarını bildiriblər. Üstəlik, Ə.Kərimli ümumiyyətlə istintaqa ifadə vermədiyini vurğulayıb.

Ə.Kərimli və M.İbrahim ötən il noyabrın sonunda həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində həbs olunduğu deyilsə də, sonradan bu işlər bir-birindən ayrılıb. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Ötən həftə onun məhkəməsinin başa çatdığı, Prezident Administrasiyasının sabiq rəhbərinə 14 il şərti cəza verildiyi açıqlanıb. Onun məhkəmə prosesinə də bir çox jurnalistin və arzu edən şəxsin buraxılmadığı bildirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimli və Ramiz Mehdiyevin işləri ayrıldı

Xatırlatma

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında R.Mehdiyev ilə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi. DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib. AXCP-nin rəhbər şəxslərindən başqa, adları çəkilən şəxslərdən qalanları ictimai qaydada bu ittihamlara cavab verməyiblər.