AXCP: Əli Kərimliyə 6 ay sonra ailəsi ilə telefon danışığına icazə verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimli və Ramiz Mehdiyevin işləri ayrıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin təqribən 6 aylıq qadağadan sonra bu gün, noyabrın 23-də ailəsinə zəng etdiyi bildirilir. Bu barədə partiyadan məlumat yayılıb.

Bu ilin yayında (iyun ayının ortalarından etibarən-red) AXCP sədrinə istintaq təcridxanasında təzyiqlərin olduğu, onun saxlanma şəraitinin məqsədli şəkildə ağırlaşdırıldığı deyilirdi. Onun Hüquqlarını Müdafiə Komitəsinin bəyanatına görə, Ə.Kərimliyə ailəsi ilə telefon danışığı və görüş qadağası qoyulmuşdu. Habelə Ə.Kərimlinin idmana aparılmadığı, gəzinti saatlarının yarıbayarı azaldıldığı vurğulanırdı.

Hətta iddia edilirdi ki, avqust ayında onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması tələbi üzrə keçirilən məhkəməyə aparılarkən Ə.Kərimli xüsusi nəqliyyat vasitəsində su verilmədiyi üçün huşunu itirib.

Amma bütün bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Bu il mayın 9-da müxalifətçinin atası Əmirhüseyn Kərimov vəfat edəndə də onun dəfnə buraxılmamasını rəhbərlik etdiyi partiyada AXCP sədrinə qarşı xüsusi münasibət kimi dəyərləndirmişdilər.

Hazırda AXCP sədrinin məhkəmə istintaqı davam edir, amma prosesin qapalı aparıldığı bildirilir.

Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli ictimaiyyətə açıqlamalarında ittihamı rədd edib, siyasi sifarişlə həbs olunduğunu bildirib. Üstəlik, o, ümumiyyətlə, istintaqa ifadə vermədiyini vurğulayıb.

Ə.Kərimli və eyni ittihamla üzləşən AXCP-nin başqa bir rəhbər şəxsi Məmməd İbrahim ötən il noyabrın sonunda həbs olunublar. Onların əvvəlcə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı açılmış cinayət işi çərçivəsində saxlanıldığı deyilsə də, sonradan bu işlər bir-birindən ayrılıb. Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub. Onun məhkəməsinin artıq başa çatdığı, Prezident Administrasiyasının sabiq rəhbərinə 14 il şərti cəza (yaşı və səhhətindəki problemlərin nəzərə alındığı bildirildi) verildiyi açıqlanıb. R.Mehdiyevin hökmdən apellyasiya şikayəti verdiyi deyilir.

Xatırlatma

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yaymışdı. Qurumun məlumatında R.Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiyanın üzvü Məmməd İbrahim və daha bir neçə şəxsin adları çəkilirdi. DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib. AXCP rəhbərləri istisna olmaqla, adı çəkilən digər şəxslər bu ittihamlara münasibət bildirməyiblər.