Azərbaycanda hökumətyönlü media baş nazir Əli Əsədova məxsus olduğu iddia edilən mülklərin siyahısını paylaşıb. Şəhərin müxtəlif yerlərində bəzi dəbdəbəli restoranlar, şadlıq sarayları və otellərin ilkin siyahısını "Qafqazinfo" portalı yayıb.
Baş nazir hələlik bu iddialara cavab verməyib.
"Heydər Əliyevin dövründə də belə idi"
Keçmiş prezident Heydər Əliyevin müşaviri olmuş politoloq Qabil Hüseynli deyir ki, bu cür məlumatların yayılması həmin məmurun "vurulması"na hazırlığı göstərir: "Heydər Əliyevin dövründə də belə bir təcrübə var idi. Bir adamı işdən kənarlaşdırarkən, əvvəlcə onun haqqında ifşaedici ictimai rəy formalaşdırılır, daha sonra da işinə baxılırdı".
Q.Hüseynlinin fikrincə, bu dəfə daha genişmiqyaslı "anti-təbliğat işi" aparılır.
AzadlıqRadiosu Ə.Əsədovla bağlı yazının necə ərsəyə gəlməsi ilə bağlı "Qafqazinfo" rəhbərliyi ilə əlaqə yaratmağa çalışsa da, bu, mümkün olmayıb.
"Zamanın sınağından keçmiş araşdırmalar"
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə AzadlıqRadiosuna açıqlamasında məlumatların mediaya qəsdən ötürülməsi iddialarına inanmadığını bildirib: "Zaman sübut edib ki, bu cür yazılar "Qafqazinfo"nun öz mənbələrindən əldə etdiyi materiallardır. Nə vaxt tədqiqatını yekunlaşdırsa, onda da dərc edir. Bəzən bu cür araşdırmaların ciddi nəticəsi olmasa da, bəzi hallarda həmin məmurlar barəsində tədbirlər görülüb".
"Varlanma limiti"
Keçmiş səfir Arif Məmmədov da baş verənləri Ə.Əsədovun vəzifəsindən kənarlaşdırılacağına dair siqnal kimi qiymətləndirir: "Ümumiyyətlə, Azərbaycanda artıq belə bir ənənə yaranıb: Kimsə "vurulma"dan öncə hökumət mediasında onun mülkləri, ona qarşı məqalələr dərc edilir... Burada hamı anlayır ki, Əli Əsədovun kitabı bağlanıb".
A.Məmmədovun fikrincə, bu, nəzarətdənkənar biznes fəaliyyəti ilə bağlı ola bilər. Onun iddiasına görə, Azərbaycanda "hər bir məmurun müəyyən bir varlanma limiti var": "Limit aşıldıqda həmin mülklər geri alına və ya ziyanın ödənilməsi tələb oluna bilər. Hakimiyyət üçün 'qırmızı xətlərin' keçilməməsi önəmlidir".
AzadlıqRadiosu məsələ ilə bağlı baş nazirin mövqeyini öyrənmək məqsədilə Nazirlər Kabinetinə sorğu ünvanlasa da, hələlik cavab almayıb.
Ə.Əsədov 2019-cu ildən baş nazir postunu tutur.