“Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.
APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov deyib.
Onun fikrincə, ola bilsin jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.
Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir.Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.
Bugünlərdə yerli mediada ölkədə parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı təsdiqlənməmiş məlumatlar yayıldı. Buna səbəb Milli Məclisin növbədəkənar yay sessiyasının iyulun 15-dək uzadılmasıdır.
Milli Məclisin mətbuat xidməti iyulun 3-də bunu8nla bağlı açıqlama verərək bildirdi ki, “iyul ayının 15-dək keçiriləcək iclaslarda qeyri-adi bir şey axtarmağın heç bir əsası yoxdur”.