Həbsdə olan "ToplumTV" internet televiziyası və eyniadlı portalın təsisçisi Ələsgər Məmmədlinin boğazındakı şişin müayinəsi üçün qısa müddətlik mülki klinikaya aparıldığı bildirilir.
Amma Ə.Məmmədlinin yaxınları prosedur zamanı ona qarşı davranışlardan narazı qaldıqlarını qeyd edirlər.
Bu barədə Ə.Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, Ə.Məmmədlinin normal müayinəsinə, qan analizlərinin götürülməsinə imkan verilməyib.
O, müayinənin iyunun 22-də "West Hospital"da keçirildiyini bildirib.
İyunun 15-də müdafiə tərəfi Xətai rayon Məhkəməsinə bununla bağlı ərizə vermişdi, onun özü və ya ailəsinin seçdiyi klinikada, istədiyi həkimin müayinəsinə imkan verilməsi barədə qərar qəbul edilmişdi.
N.Məmmədli iyunun 22-də təcridxanada qardaşı ilə görüşdüyünü deyir: "Vəkillərə bildirilmişdi ki, köçürülmə vaxtı müəyyənləşəndə bu barədə məlumat veriləcək, çünki seçdikləri həkimlər də işini ona uyğunlaşdırmalı idilər. Lakin iyunun 22-də vəkillərinə və ailə üzvlərinə xəbər vermədən Ələsgər Məmmədlini klinikaya gətirib, az sonra geri qaytarıblar".
N.Məmmədli qeyd edir ki, qardaşının boğazında – şişdən nümunə götürülmüş hissədə sarğı vardı, üstəlik, qolunda da sıyrılmış açıq yaralar diqqət çəkirdi: "Onu səhər təcili iki-üç nəfərlik konvoy nəzarəti altında "West Hospital “a gətiriblər. Heç kimə demədən, gizli şəkildə. Klinikanın arxa qapısından içəri daxil olanda orada təxminən 30 nəfərlik mülki və polis geyimində təhlükəsizlik orqanlarının əməkdaşları olub. Onların əhatəsində, qolları qandallı şəkildə onu dördüncü mərtəbədə yerləşən əməliyyat otağına çıxarıblar. Liftin girişində və çıxışında 10-15 nəfərlik xüsusi mühafizə yerləşdirilib. Qardaşım biopsiya olunacaq kiçik palataya qolu qandallı daxil olub...".
Onun fikrincə, həkimə normal müayinə aparmasına imkan verilməyib: "Biopsiya əməliyyatını həkim çox məhdud şəraitdə icra edib".
Ə.Məmmədlinin qollarındakı sıyrıqlara gəlincə, qardaşının sözlərinə görə, o deyib ki, biopsiyadan çıxıb maşına mindirilərkən ani başgicəllənməsinə görə müvazinətini itirib: "Qolları qandallı olduğuna görə heç yerdən tuta bilməyib və maşının qapısındakı hansısa çıxıntıya sürtülüb. Biz bu vəsatəti ona görə vermişdik ki, Ələsgər bəyin sağlığına yaranmış real təhlükəni ortadan qaldıraq. Amma belə anladıq ki, buna nail olmağa imkan vermək istəməyənlər var. Ələsgər bəy özü də anlamağa çətinlik çəkir ki, niyə belə bir pis rəftara məruz qalıb?".
Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan və sözügedən klinikadan münasibət almaq mümkün olmayıb.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittihamı qurama sayır.
Xatırlatma
Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında "ToplumTV", habelə "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.