Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və Azərbaycanın başqa böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.
"Report"un xəbərinə görə, E.Əzizov deyib ki, hazırkı struktur daha səmərəli fəaliyyət göstərir.
O vurğulayıb, bu, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil:
"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir. Konstitusiya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar".
Xatırlatma
REAL Partiyası partamentə bir sıra qanun layihəsi göndərəcəyini açıqlayıb. Bunlardan biri də Bakı şəhər başçısının seçkisi layihəsidir. Bakı meri seçkiləri Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklər sırasına da daxildir. Üstəlik, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin başçısının seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə də verib. Ancaq Azərbaycan rəsmiləri, hələlik, belə təklif və tövsiyələrə soyuq yanaşırlar.