Elbrusda 5 alpinist həlak olub

Xilasetmə əməliyyatı

19 alpinist 5 min metr yüksəkliyə qalxıbmış

Avropanın ən yüksək zirvəsi sayılan Rusiyanın Elbrus dağında beş alpinist boranda həlak olub.

Qrupun 14 üzvü xilas edilib. Fövqəladə Hallar Nazirliyi ərazidə temperaturun mənfi 20 dərəcə olduğunu bildirib.

Xilas edilənlərin 11-i xəstəxanaya aparılıb.

Hadisə sentyabrın 23-də baş verib. 19 alpinist 5 min metr yüksəkliyə qalxıbmış.

Rusiyanın Şimali Qafqaz ərazisində yerləşən Elbrusun pik zirvəsi 5 min 642 metrdir.

Alpinistlər Rusiyanın 11 regionunu təmsil edirmiş.

Turu təşkil edən şirkət peşəkar bələdçilərin qrupu müşayiət etdiyini bildirib.

Şirkətin məlumatına görə, alpinistlərin biri özünü yaxşı hiss etməyib və bələdçilərdən birilə geri qayıdıb, qalanları isə səyahəti davam etdirib.

Onlar geri qayıdarkən tufan başlayıb, alpinistlərdən birinin qıçı sınıb, beləliklə, qrup da ləngiyib.

İki alpinist donvurmadan ölüb, ikisi isə huşunu itirib, bələdçilər və qalan alpinistlərdən bəzilərini də şaxta vurduğu bildirilir.