Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elbəyi Kərimli dekabrın 12-də saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində ölüb.
AXCP-dən açıqlanıb ki, E.Kərimli həbsxananın tibbi məntəqəsində özünə qəsd edib. Amma partiyadan buna səbəb bildirilməyib.
Ədliyyə Nazirliyindən isə APA-ya deyilib ki, E.Kərimlinin ölüm faktı ilə əlaqədar Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
Məsələni onun yaxınları ilə dəqiqləşdirmək mümkün olmayıb.
Onun saxlandığı cəzaçəkmə müəssisəsində isə hadisənin dünən, dekabrın 12-də baş verdiyi vurğulanır.
Bu ilin iyulunda, onda 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkən E.Kərimlinin cərimə kamerasına (karser) salındığı bildirilmişdi. Bununla bağlı iyulun 13-də "Azadlıq" qəzetinin vebsaytında məlumat yayılmışdı. Məlumatda iddia edilir ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və karserə salınıb. Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmirdi.
Həmin iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmamışdı. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar məhbuslarla qanun çərçivəsində davranırlar.
AXCP-dən Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə "Stalin" yazdıqdan sonra narkotik ittihamı ilə həbs olunduğu bildirilib. 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ona satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib. Sonradan Ali Məhkəmə onun hökmündən satış məqsədini çıxararaq cəzasını 5 ilə endirib.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-dək fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.